Nizami Gəncəvi

Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncədə vəfat etmişdir.

Nizami Gəncəvi təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.
Nizami Gəncəvinin məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşda olan yazı onun qriqorian təqvimi ilə 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyini güman etməyə əsas verir

Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.

Nizami Gəncəvinin söz inciləri

Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə.

Pis fikrə düşərsə yaxşı bir insan,
Özünə yamanlıq edər hər zaman.

Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

İnsafla yaşayan mərddir, kişidir,
Kimsəni sevməmək namərd işidir!

Çox da acıqlanma, bərk savaş olar,
Torpaq bərkidikcə, dönüb daş olar.

Dünyaya fateh olmaz, zülümkarlıq, rəzalət,
Yer üzünün fatehi, ədalətdir, ədalət!

Dünyanın işini yaxşı düşün sən,
Nə əksən onu da sən biçəcəksən,

Yaxşı işdə görsən, pis işdə inan,
Unutmaz onları bu qoca dövran!

Yaxşılar cilovu verməzlər pisə,
Satmazlar, dostları yada, nakəsə.

Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxarar onların əli.

Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.

Hünərli dünyada təxtü-tac alar,
Alçalmaz heç zaman, başı ucalar!

Ağac əkən zaman elə yerdə ək,
Ki, yəqin biləsən o bar verəcək.

Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan!


Cavan hər nə etsə də ayıb tutulmaz ona,
Min bir ayıb tutular qocalıqda insana.


Gözəl bir həyat qur, şən yaşa hər an,
Kimsəyə dəyməsin səndən bir ziyan.


Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan.


Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi, ucadır əlbət.


Bəllidir baş kasası ağıla yurd olduğundan,
Hər köhnə bir beyni, qəbul etməz hər zaman.


Ağıllı adamdır dünyada o kəs,
Gözü görməyəni heç qəbul etməz.


Ağıllı adam özündən güclüyə meydan oxumaz.

Əlbət ki, ağıllı bir qulaq asan,
Yaxşıdır həmişə yüz şüursuzdan.

Ucalmaq istəsən bir kamala çat,
Kamala ehtiram göstərir həyat.
Öz adına layiq işlər gör ki sən,
Axırda utanma xəcalətindən.


Məhəbbət odur ki, odu sönməsin,
İnsan yaşadıqca üzü dönməsin.
Həqiqi məhəbbət bir məhəbbətdir,
İlki də, sonu da əbədiyyətdir.


Eşqdir hər iki dünyaya zinət,
Eşq ilə dolanır bütün təbiət.
Eşqsiz məqsədə yetişmək olmaz,
Eşq ilə tapılar düzlük, həqiqət.


Eşqsiz bir ürək heçliyə varsın,
Onu qəm selleri yuyub aparsın.


Bir könül məhəbbət eyləsə izhar,
Çox şeylə seçilər ondakı rəftar.


Məhəbbət fili də qoyar piyada,
Ona diz çökənlər mərddir dünyada.


Eşqsiz olsaydı xilqətin canı
Dirilik sarmazdı böyük cahanı.


Demə məhəbbətə qılıncdan iti,
Ürəkdir yaradan bu məhəbbəti.


Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Söz gözəl olursa olsun, nə qədər,
Pis əda o sözü tamam məhv edər.


İnci tək sözlər seç, az danış, az din
Qoy az sözlərinlə dünya bəzənsin.


Dilin damaq altında qalması məsləhətdir,
Qılınca qında qalmaq bir bəzəkdir, ziynətdir.


Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.


Öz qəbiləsinə asi olan hər şəxs,
Onunla bir yerdə yaşaya bilməz.


Yamanlıq etməkdən uzaq ol, uzaq
Pisliyin əvəzi pislik olacaq.


İtə qurd silahı verilsə artıq
Başını qaldırıb edər aslanlıq.


Quyuya salsan da yaxşılığı bil
Yenə qayıdacaq o itən deyil.


Bir olsa yoldaşın, dostun əməli
Daşdan su çıxardar onların əli.


Əziyyət verərsən cəfa görərsən
Mehribanlıq etsən səfa sürərsən
.

Yaxşı adamların göz yum eybinə
Yaxşı şey öyrətməz yaman göz sənə.


Yaxşı da, yaman da keçər dünyada
Çalış yaxşılıqla düşəsən yada.


Nifaq olan yerdə, fəlakət də var
Səadət günəşi birlikdən doğar.

Hiç yorum yok:

Yorum Gönder