1 Kasım 2016 Salı

Azerspace-1


“Astronomiya və kosmos elminin təbliği” layihəsinə başlanılıb
Oktyabrın 12-də Tusi-Bohm Planetariumda Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsinə başlanılıb.




Optika - linzada xəyalın qurulması















27 Ekim 2016 Perşembe

Cisimlərin üzməsi

                                    1 .  Falqadan hazırlanmış gəmi suyun üzərində üzür 

2 Gəmini əzib həcmini kiçiltdikdə isə o suyun dibinə batır 






Elektrik dövrələri








20 Ekim 2016 Perşembe

Albert Eynşteyn

A.Eynşteyn (1879-1955) çox sakit böyümüş, danışmayan uşaq olub, həmişə səs-küydən qaçmışdır. Dahi Eynşteyn uşaqlıqda riyaziyyat və fizikadan geri qalırdı. Dayısı Yakob onu sakitləşdirərək dekyirdi: «Heç nə olmaz, Albert, hamı professor ola bilməz ki... sən də gələcəkdə bir sənət sahibi olarsan.»
Eynşteyn bütün dünyada ən populyar fizik və alim olmuşdur. İsrail dövləti hətta onu ölkənin prezidenti olmağa dəvət etmişdi, lakin böyük alim bu təklifi qəbul etməmişdi. Buna oxşar hadisə XVII əsrdə olmuşdur. 1654-1658-ci illərdə İngiltərənin vahid prefektoru olsa da Oliver Kromvel dönə-dönə edilən təklifləri rədd edib kral olmaqdan imtina etmişdir.Corc Vaşinqton da (1732-1799) ikinci prezidentlik səlahiyyəti başa çatdıqdan sonra konqres ondan konstitusiyaya əlavə etməklə üçüncü dəfə prezident olmasını xahiş etsə də o bu təklifi rədd etmişdi.
Albert Eynşteyn-dahilər dahisiMəşhur professor Eynşteyn (1879-1955) İngiltərənin Mançester universitetində fizikaya aid mühazirə oxuduğu vaxt, yazı taxtasına bir formul yazmış və mühazirəni davam etdirmişdir. Bir daha taxtaya tərəf döndükdə onu yerində görməmişdir. Məlum olmuşdur ki, tələbələr Eynşteyndən yadigar qalsın deyə, yazı taxtasını götürüb, yerinə başqasını qoymuşlar. Sonra həmin taxtada Eynşteyn tabaşirlə yazdığı xəttinin üzərinə lak çəkilmiş və həmişəlik qalması üçün tədbir görülmüşdür.
1933-cü ildə Eynşteyn Avropadan Amerikaya gələrkən Belçikada qaldı. Belçika kraliçası onun həyatını qorumaq tədbirlərini gördü. O, bağlı karetdə İngiltərəyə, oradan da Amerikaya getdi.
20-ci illərdə Eynşteynə o qədər məktub gəlirdi ki, qulluqçu bu məktubları iri bir səbətdə gətirirdi. Məktublar müxtəlif dillərdə və məsələlərə aid yazılırdı. Buna isə poçtalyon əsəbiləşirdi və yeni korrespondensiyanı onun üstünə tullayardı. Eynşteyn isə poçtalyonu özünün qəddar düşməni adlandırır və hesab edirdi ki, o bu qulluqçudan canını qurtara bilməyəcəkdir. Məktubların çoxuna arvadı Elza cavab verərdi, Eynşteynin bu məktublara cavab yazmağa vaxtı olmazdı.
Eynşteynin tədqiqat apardığı, amma sona çatdıra bilmədiyi zəif elektromaqnit qüvvələrin birləşmiş sahə nəzəriyyəsinə görə prof. Əbdülsəlim (1926-1979) Nobel mükafatını almışdır.
A.Eynşteyn demişdir ki, təcrübə ilə təsdiq edilən hadisələrin məntiqi riyazi dəlillərlə sübuta yetirilməsi üçün əsas tapmaq ancaq Nyutona müyəssər olmuşdur.
Eynşteyn demişdir: «Hamı bilir ki, bu şey ola bilməz, lakin «Bu şeyin ola bilməzliyini» bilməyən bir nəfər tapılır və o da həmin şeyi kəşf edir.»
Eynşteyn demişdir: «Əgər cavan və sağlam bır yırtıcı heyvana qamçı gücünə hər gün həddindən artıq ət versən, tədricən o, yeməkdən tamamilə iyrənəcəkdir.»
Bir dəfə Eynşteyn məşhur Avstriya fiziki Feliks Eranqaftın evində qonaq qalır. Feliksin arvadı - Avstriyada qadın təhsilinin təşkilatçısı - Eynşteyndən xahiş edir ki, mühazirəyə gedəndə bir qədər geyiminə fikir versin. Bu məqsədlə qadın ona bir təzə şalvar verir ki, onu dərzidə ütülətdirsin və geyinsin. Lakin Eynşteyn mühazirəyə həmin ütülənməmiş şalvarda gedir.
Bir dəfə Eynşteyn Praqada «Uraniya» cəmiyyəti zalında mühazirə oxumaq əvəzinə konsert verir. O, skripkada Motsartın sonatasını çalır.
Bir dəfə Eynşteynə sual verirlər ki, «Necə oldu ki, siz Nisbilik Nəzəriyyəsini kəşf edə bildiniz?
Cavabında Eynşteyn deyir;
- Bunu bilmək üçün gəlin ümumiyyətcə araşdıraq görək, kəşf nədir, onu necə edirlər. Bax, təsəvvür edin ki, elm min-min il ərzində inkişaf edib və öz qanunları ilə müəyyənləşdirib ki, nəyi etmək olar, nəyi yox. Elmi dərindən bilən adamlar da, onun qadağan etdiyi şeyləri etmirlər, çünki bilirlər ki, bu filan-filan qanunlarla ziddir. Birdən bir dəlisov peyda olur və bilmir ki, nəyi etmək olar, nəyisə yox. Xəbərsizliyin ə görə də, əvvəl qadağan hesab olunan şeyləri edir və nə isə yeni bir kəşf alınır. Nəticədə hamı görür ki, sən demə, belə də etmək olarmış.
Eynşteyn 1955-ci il aprelin 17-də qarlı havada anevrizmdən ölmüşdür. Öz arzusuna görə cəsədi yandırılır və külü havaya səpilir.
Eynşteyn vaxt alan iclaslardan və dəvətlərdən zəhləsi gedərdi.
Eynşteyn yazmaqdan və oxumaqdan çox, fikirləşirdi.
Eynşteyn Sahənin Vahid Nəzəriyyəsini tapmaq üçün ömrünün 30 ilindən artıq bir hissəsini sərf etmiş, lakin heç bir nəticə almamışdır. Bir dəfə ondan bu barədə soruşanda belə cavab vermişdir:
- Hər halda indi doğru olmayan on min üsul bilirəm.
Eynşteyn skripkada və pianoda çalmağı çox sevərdi. O, 14 yaşında evdə konsert verərdi. Musiqi aləmində onun çox sevdiyi Motsart, elmdə isə həndəsə olmuşdur. Eynşteyn bir dəfə yoldaşları ilə restoranda oturarkən başqalarının cingiltisi, musiqi səsləri, danışıqlar onu fikirli vəziyyətdən çıxarır. O, sakitcə yerindən durub skripka çalana yaxınlaşır və ondan skripkanı alıb özü çalır. Xeyli sonra üzr istəyərək skripkanı sahibinə qaytarır.
Eynşteyn hesab edirdi ki, «fiziki nəzəriyyə elə olmalıdır ki, hər cür hesablamalarla yanaşı, uşaqların başa düşəcəyi tərzdə onun şəklini çəkib izah etmək mümkün olsun.»
Eynşteynin səliqəsinə qarşı əcaib başısoyuqluğu vardı. Adəti üzrə o, həmişə görkəmini tamam itirmiş bir dəri kurtka geyərdi, saçlarını vurdurmazdı, corab geyməzdi, qalstuk bağlamazdı, şalvara toqqa taxmazdı. Priston institutunun dosenti İnfeld hesab edirdi ki, Eynşteyn özünə qulluq işlərini tam başlı-başına buraxan adamdır. O deyirdi ki,Eynşteynə görə, insana yalnız ayaqqabı, şalvar, köynək, pencək, lazımdır. İnsan kiçik şeylərdə çox vaxt sərf edir.
Eynşteynin həyat tərzi və həyatı çox sadə idi. Laboratoriyası və alətləri yox idi. Onun otağında Nyutonun şəkli və kiçik bir teleskop qoyulmuşdu. Bir dəfə yoldaşları ondan bu teleskopun nəyə lazım olduğunu və onun alətlərinin nədən ibarət olduğunu xəbər alırlar. O, cavabında:  «Teleskop baqqalındır, mən onu oyuncaq kimi saxlayıram, alətlərə gəldikdə isə sadəcə olaraq avtoqələmdən ibarətdir» - deyir.
İkinci Dünya Müharibəsinin başa çatmasından sonra Eynşteynə sual verirlər ki, «Siz Üçüncü Dünya Müharibəsini necə təsəvvür edirsiniz».
Eynşteyn cavabında bildirir:
- Üçüncü yox, dördüncü barədə deyə bilərəm ki, o, ox-yayla aparılacaq. Nəzərdə tutaraq ki, artıq Üçüncü Dünya Müharibəsi Yer üzündə sivilizasiyanı tam şəkildə məhv edəcək.
Məlum olduğu kimi Eynşteynin Nisbilik Nəzəriyyəsinin əsasında duran ən fundamental prinsip işıq sürətinin sabitliyi prinsipidir. Mühazirələrindən birində Eynşteyn dönə-dönə bu prinsipə istinad edərək Nisbilik Nəzəriyyəsini izah edir, hesablamalarında qiymətini göstərmədən dəfələrlə bu sürətin ədədi ifadəsindən istifadə edir. Mühazirənin sonunda dinləyicilərdən biri qalxıb sual verir ki, cənab Eynşteyn siz bayaqdan bəri işıq sürətindən, onun bu nəzəriyyənin əsasında durmasından bəhs edirsiniz. Amma onun qiymətini göstərmirsiniz. Xahiş edirəm deyin, bu sürət nə qədərdir? Cavabında Eynşteyn deyir;
- O şeyləri ki, mən istənilən məlumat kitabçasından axtarıb tapa bilərəm, elə şeyləri əziyyət çəkib yaddaşımda saxlamıram.
Nasist partiyası siyahısında ölümə məhkum olunanlar arasında bir nömrəli adam Eynşteyn idi. Hətta Hitler düşmənlərinin fotoşəkilləri xüsusi albomlarda saxlanılırdı. Bu şəkillərin içərisində Eynşteynin şəkli də vardı. Şəkildə yazılmışdı: « Hələ asılmayıb.»
Nisbilik Nəzəriyyəsi artıq məşhurlaşıb, bütün dünyanı fəth etdiyi vaxtlardan birində Eynşteyndən xahiş edirlər ki, bu nəzəriyyənin mahiyyətini nisbətən sadə dillə onlara başa salsın.Eynşteyn cavabında deyir:
- Riyaziyyatçılar ona baş qoşandan bəri, mən özüm də ondan bir şey anlamıram.
Bir dəfə observatriyanın (rəsədxananın) müdiri nəhəng teleskopları göstərərək, fəxrlə öz işlərindən danışır. Yekunda Eynşteynin həyat yoldaşı rəsədxana rəhbərindən soruşur ki, «Bağışlayın, bütün bunlar maraqlıdır. Ancaq ki, mən bir şeyi başa düşmədim ki, bu qədər hamısı göyə tuşlanmış nəhəng qurğular, teleskoplar nəyə lazımdır?
Observatoriyanın rəhbəri cavabında bildirir ki, «Necə yəni nəyə? Əlbəttə ki, göydəki ulduzların hərəkət qanunauyğunluqlarını izləyib öyrənmək üçün».
Eynşteynin arvadı cavabında deyir:
- Maraqlıdır, sizin bu qədər nəhəng qurğular, teleskoplar vasitəsilə axtarıb tapdıqlarınızı, mənim ərim köhnə bir konvertin arxasında cızma-qara etməklə tapır.
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Eynşteynin dahiliyinin mümkün səbəbləri tapılmışdır
Albert Eynşteynin beyninin şəklinin tədqiqatı fizikin çox böyük qabiliyyətini izah edə bilən qeyri-adi anatomik xarakteristikasını üzə çıxarmışdır. İşin şərhilə bağlı olan məqalə Frontiers in Evolutionary Neuroscience jurnalında çapa hazırlanır. Science NOW portalı isə onun əsas xülasələrini verir.
1955-ci ildə Eynşteynin ölümündən sonra patoloji anatom Tomas Harvey tərəfindən onun beyni kəllə sümüyündən çıxarılmışdır. O, mikroskopik tədqiqatlar üçün yararlı olan 240 beyin kəsintisi aparmışdır. Keçən illər ərzində bir neçə mütəxəssis qrupu bu kəsintiləri tədqiq etsə də, heç bir mühüm nəticə əldə olunmamışdır. Böyük fizikin beyininin ən qeyri-adi səciyyəsi onun kütləsi, yəni 1230 qr çəkisi hesab olunmuşdur. Bu isə normanın ən aşağı həddinə yaxındır. Hal-hazırda Eynşteynin beyin nümunəsi saxlanılmamış, lakin onun şəkilləri qalmışdır. Yeni tədqiqatın müəllifi Florida ştatı Universitetindən olan xanım antropoloq Din Falk şəkilləri analiz etmiş və onları tədqiq edən zaman aldığı nəticələri "adi" adamların beyininin xarakteristikası ilə tutuşdurmuşdur.
Falk bu nəticəyə gəlmişdir ki, Eynşteynin beyninin əmgək hissəsi orta statistik ölçüdən kifayət qədər yüksəkdir (bu, əvvəlki işlərin birində də müşahidə edilmişdir). Bundan başqa, Falk müəyyən etmişdir ki, fizikdə sol əlin hərəkətinə nəzarət edən beynin fizioloji qabığının müəyyən strukturları daha çox inkişaf etmişdir. Bunu adətən musiqi istedadı ilə əlaqəlndirirlər (Eynşteyn uşaqlıqda skripkada ifa etmişdir). Falk tərəfindən üzə çıxardılmış üçüncü səciyyəvi cəhət beyin yarımkürələrinin gicgah nahiyəsindəki qırışıqların qeyri-adi şəkildə olmasıdır.

5 Ekim 2016 Çarşamba

Lirikada fizika və dünyəvilik

Fizika və lirika elm olaraq özünün inkişafını antik dövr mədəniyyətinin təşəkkülü dönəmlərindən tapmışdır. Hər iki sözün leksik mənası və etmioloji mənşəyi yunan dilinə məxsusdur. “Fizika” sözü yunanca “fyuzis” – təbiət deməkdir. Lirika isə "lira" sözündən olub, yunanca simli musiqi alət deməkdir. Fizika sözünü dünya elminə qədim yunan filosofu Aristotel gətirmişdir. Azərbaycan dilinə isə ilk dəfə “fizika” sözünü XI əsdə yaşamış Azərbaycanın dahi filosofu Bəhmənyar əl-Azərbaycani gətirmişdir. Şərq ədəbiyyatında isə lirik şeirlərə rübai şeirlər də deyilir. Rübab da ərəb sozu olub, simli alətin adidir.
 Zaman keçdikcə bu iki termin məna genişlənməsinə səbəb olaraq hər biri geniş anlamda bir elm sahəsini öz ağuşuna almışdır. Lakin bu elmləri bir-birinə bağlayan gözəgörünməz tellər mövcud olmuşdur.
 Fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Əldə olunan biliklər isə elmdə yeni-yeni kəşflərə zəmin yaradır. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir ki, bu da iki yerə ayrılır: şifahi və yazılı ədəbiyyat. Fizikada müşahidə üsulu hadisələrin gedişinə müdaxilə etmədən onların hiss üzvlərimiz vasitəsilə duyulmasıdır. Ədəbiyyatda isə lirik novun əsas əlaməti müəllifin hiss-həyacanlarının, fikir və arzularının ifadəsidir. Lirik əsərdə müəyyən bir hadisədən danışılmır. Eynilə fizikanın müşahidə üsulunda olduğu kimi burada hadisədən alınan təsir və onun nəticəsində şairin qəlbində yaranan hisslər öz əksini tapir. Lirik seirin əsas qəhrəmanı müəllif özüdür. Ədəbiyyatda buna lirik qəhrəman deyilir. Lirik qəhrəmanların poetik düşüncəsi adətən mifik, dini, dünyəvi və praqmatik düşüncələr əsasında formalaşır. Mifik və dini düşüncədə yazan şairlər dünyanın dərkində romantizmə daha çox üstünlük verirlər. Romantizm isə insanın ağıl və məntiqlə deyil, hissləri ilə hərəkət etməsidir. Dünyəvi düşüncəyə sahib olan şairlər isə öz şeirlərində təbiəti əsasən özünə istinadən vəsf edərək, real həyat nümunələrindən istifadə edirlər.
 Klassik və müasir Azərbaycan poeziyasında bir çox şairlərin şeirlərində dünyanın dərki əsasən dini və ya mifik düşüncələrin dərki əsasında verilmişdir. Azərbaycan aşıq poeziyasının ünlü şairlərindən olan Aşıq Ələsgərin şeirlərində dünyanın yaranışının dini təfəkkür əsasında izahı öndə dayanır:
 Yerin, göyün, ərşin, kürsün, insanın   
 Künhü, bünövrəsi ay nədən oldu?
 Yeri göydən, göyü yerdən kim seçdi?
 Hikmətin dəryası ay nədən oldu?
 Yeddi qat göy nə növ quruldu?
 Neçə qəndil, neçə sütun vuruldu?
 “Sən kimsən?”, “Mən kiməm?”-
 kimdən soruldu?
 Ustadlar ustası ay nədən oldu?
 Qeyd edildiyi kimi fizika dünyəvi elmdir. Lakin bəzən təbiət hadisələrinin dərkinin çətinliyi dünyəvilik, ümumubəşərilik baxımından fizikanın duyumunu arxa plana keçirir. Fizikanın elm kimi asan və ya çətin qavranılması birbaşa təfəkkürlə bağlıdır. Əslində çox qədim tarixə malik olan bu elm dərinliyi, çox şaxəliliyi, harmoniyası ilə bütün dövrlərdə filosofları maraqlandırmışdır. Bu filosof şairlərdən biri və birincisi Azərbaycan və dünya ədəbiyyatında nadir incilər yaratmış, klassik Azərbaycan ədəbiyyatının siması Nizami Gəncəvidir. Şeyx Nizami fizikanı, astronomiyanı, tibbi, şəriəti dərindən bilən, dərk edən böyük alim olmuşdur. Ədəbiyyatçılar Nizami Gəncəvinin “Xəmsə”sindəki obrazların, tarixçilər isə tarixi hadisələrin və digər detalların tədqiqatını aparsalar da fiziklər Şeyx Nizaminin əsərlərindəki təbiət qanunauyğunluqlarının necə məharətlə verildiyinin fərqində olurlar. Qısası ədəbiyyata az-çox bələd olan bir fizik böyük Nizami haqqında bu sözləri deyər: “Nizami Gəncəvi böyük şair olaraq fizikanı, dünyəvi elmləri dərindən bildiyindən, yazmış olduğu əsərlərində təbiət qanunlarını nəzmə çəkmişdir”. Fizikanın müxtəlif tədqiqat sahələri ilə məşğul olan alimlər də sübut edirlər ki, kəşfi hansısa alimlərin adı ilə bağlı olan bir sıra fiziki hadisə və qanunauyğunluqları Nizami Gəncəvi onlardan xeyli qabaq öz əsərlərində vermişdir. Məsələn, Nizaminin “Xosrov və Şirin” əsərindən bir parçaya diqqət edək:
 Maqnit olmasaydı eşqin əsiri,
 Çəkməzdi özünə dəmir zənçiri.
 Kəhrəbanın eşqə düşməsə canı,
 Belə cəzb etməzdi quru samanı.
 Dünyada göhvər var, daş var nə qədər,
 Onlar nə bir saman, nə dəmir çəkər.
 Bu saysız hesabsız maddələr yenə,
 Bax gör meyl edirlər mərkəzlərinə.
 Göyə doğru çox qalxarsa su
 Yenə torpaq olar ən son arzusu
 Kainatda hər şey cəzbə bağlıdır.
 Şair bu misralarla öz dövründə elmə məlum olmayan elektromaqnit qanununlarından bəhs edir. Hətta kəşfinin 1667-ci ildə ingilis alimi Nyuton tərəfindən həyata keçirildiyi söylənən “cazibə qanunu” haqqında dahi Nizami bu misralarda açıqca bilgilər vermişdir. Hətta Şeyx Nizami daha dərinə gedərək dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasının elektromaqnit dalğaları olduğunu da göstərmişdir. Bu sübut olduqca dəqiq, real faktlarla nəzmə düzüldüyündən insanı mat qoyur. Xatırladaq ki, Şeyx Nizami fars dilində yazdığından bu misralar bizə dil çevriciləri tərəfindən ötürülmüşdür. Təbii ki, orjinaldakı hikmətlər isə daha dərindir.
 Bundan başqa, “Leyli və Məcnun” əsərində belə bir misralara rast gəlirik.
 Yerin hüdudundan o tərəfdə də
 ...buludlar fələklər qarışır yenə,
 Onlar bir-birinə sarılmış bərk-bərk,
 Hamısı tor kimidir gəzir kürətək
 Bu kürə şəklində yalnız yer deyil,
 Hər xətt hərlənir yuvarlaqdır bil...
 Burda heyran ediləcək məqam odur ki, kainatın fırlanmasını 1927-ci ildə Holland astronomu Oort sübut etmişdir. Şair Nizami isə XII əsrdə elmə meydan oxuyaraq, şerin dili ilə səsləndirirdi Yerin fırlandığını. Və hətta tək Yerin yox kainatdakı bütün göy cisimlərinin fırlandığını söyləyirdi. Təbii ki, dahi şair, filosof haqlı idi söylədiklərində. Həmən əsərdən daha bir neçə misra:
 ...Tüstü bu dərədən qalxar yuxarı
 Iki üç cidalıq gəzər rüzgarı,
 Sonra əyilərək geriyə dönər,
 Bu yer kürəsini başına enər.
 deməklə şair bizi əhatə edən atmosfer qatını bir tüstüyə bənzədir, onun da varlığından xəbərdar olduğunu şerin dili ilə deyirdi.
Daha sonra “İsgəndərnamə”yə müraciət edək. Burada da heyranedici məqamlar çoxdur.
 Əvvəl mövcud oldu tək hərəkət,
 Onu iki yerə ayırdı sürət.
 Hər iki hərəkət gəlib bir yerə,
 Əvvəlki hərəkət ayrıldı yenə.
 Bu üçü qoşulub bir-birinə,
 Üç xətt zahir olu üç hərəkətdən,
 Üç dövrə yarandı ondakı xətdən.
 Burada hərəkətin mövçudluğunu söyləyən şair, ondan yaranan bərabər sürətli və dəyişənsürətli hərəkəti də görə bilmişdi. Eyni zamanda fəza və zaman anlayışına toxunaraq üç oxlu kooridinat sisteminin mövcudluğunu aydın şəkildə göstərmişdir.
 Zərrə qədər boyası rəngi varmı havanın?
 Tutqunluğu könüllər oxşayırmı havanın?
 Hər kim ki, əyninə göy paltar geyər,
 Günəşi özünə çörək eyləyər...
 deməklə, şair işığın dispersiyası mövzusuna - optikaya toxunub. Bildiyimiz kimi Günəş işığı yerə çatana qədər fəzada səpilir və spektral qaydada müxtəlif şəkilə düşür. Göyün üzü mavi rəng alır.
 Böyük filosof bir şerində Yer üzündə yalnız ağ rəngin mövcudluğunu qalan bütün rənglərin ondan alınmasını xüsusi ustalıqla qələmə alır.
 Səma saflığında gümüş qədər ağ,
 Günəş kimi təmiz gün kimi parlaq.
 Gündüzün işığı ağlığındadır,
 Ayın yaraşığı ağlığındadır.
 Rənglər sünidir dünyada bir ağ,
 Bilməyir sünilik bilməyir boyaq.
Nizami Gəncəvi haqqında bu cür dəyərli tədqiqatlara istedadlı fizik, şairə xanım, Neftçala rayonunun fizika müəllimi Günay İbrahimovanın yazdığı elmi məqalələrdə daha çox rast gəlinir.
 Bir sözlə, Nizami irsində bu cür dünyəvi, fiziki qanunauyğunluqlar olduqca çoxdur.
 Ümumiyyətlə, Azərbaycan klassik ədəbiyyatında böyük yaradıcılıq izləri olan filosof şairlər və yazarlar öz əsərlərində dünyanın nizam harmoniyasından, fiziki qanunauyğunluqlardan geniş istifadə etmişdilər. Şeyx Nizamidə olduğu kimi, Qazi Bünhanaddinin, Nəsrəddin Tusinin, Məhəmməd Füzulinin əsərlərindəki bu tip mövzular hələ də öz araşdırıcılarını gözləməkdədir.
 Görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanıdığımız Füzuli elm haqqında, dünyəvilik haqqında “Rindü Zahid” əsərində belə yazır:
 Elm bir dəryadır ki, ondan
 Həqqi tanımaq gövhəri hasil olar.
 Elmin rütbəsini alimdən soruş,
 Elmin ləzzətini cahil nə bilər...
 Ümid edirəm ki klassik dövrün tədqiqatçıları bundan sonrakı tədqiqatlarında bu cür nüanslara daha dərindən diqqət yetirərək fizikanı, dünyəviliyi daha geniş formada araşdıracaqlar.
 Müasir Azərbaycan poeziyasına gəldikdə buradakı rəngarənglik daha qabarıq diqqət çəkir. Ümumiyyətlə, 20-ci əsr müasir Azərbaycan poeziyasını iki dövrə bölmək olar: Sovetlər dönəmi və müstəqillik dönəmi. Sovetlər dönəmində hər sahədə olduğu kimi, ədəbiyyatda da vahid ideologiya hakim idi. Lakin bu ideologiyanın da tələblərindən sapmalar, yayınmalar mövcud olurdu. Həmin dönəmlərdə ideologiyanın tələblərindən irəli gələn ictimai-siyasi lirika ədəbiyyatın şah damarını tutsa da, məhəbbət lirikasi da öz axarında idi. Lakin lirikanın bu iki növündən fərqli olaraq, sərbəst lirik əsərlər müəllifləri də vardı ki, onlar daha çox ədəbiyyata elmilik, dünyəvilik gətirirdilər.
 Məsələn, Azərbaycan ədəbiyyatina yeniliklər gətirmiş ölməz Hüseyn Cavid “Elmi-bəşər” şeirində dünyəviliyə qovuşmağın yolunun elmdə olduğunu göstərir.
 Ruhpərvər, sevimli xülyadir
 Ki, inanmaq əbəs... nasıl, nə demək.
 İstərəm anlayırmısan? Məsəla:
 İmdi yerdən səmayə doğru dərin,
 Çox dərin bir fəza təsəvvür edin,
 Yüksəlib bir bəyaz qanadlı hüma,
 — Tizpərvaz bir fəriştə kimi —
 Böylə dalsın onun dərinliyinə...
 “Bilmək, öyrənmək” öylə bir uçurum
 Ki, onun intəhası yox, dibi yox...
 Azərbaycan ədəbiyyatında satira janrının zirvəsində dayanan Mirzə Ələkbər Sabir də öz əsərlərinin əksəriyyətində sətiraltı maneralarla dünyəviliyi, elmi tərəqqini öz oxucularına ötürürərək dini cəhalətin cəmiyyətdə yaratdığı gerilikləri ifşa edirdi:
 Əcnəbi seyrə balonlarla çıxır,
 Biz hələ aftomobil minməyiriz;
 Quş kimi göydə uçar yerdəkilər,
 Bizi gömmüş yerə minbərdəkilər!
 Azərbaycan türkcəsinin saflaşmasında misiliz xidmətlər göstərmiş dahi Səməd Vurğunun əsərlərinin əksəriyyəti dünyəvilik və izahı təbiət qanunauyğunluqlarına söykənən dərinliklərlə zəngindir. Bu zənginlik şairin “Dünya” şeirində sözün həqiqi mənasında tam çılpaqlığı ilə verilmişdir:
 Buludlar dağılır uzaqda lay-lay,
 Yenə öz yerində yuvarlanır Ay,
 Fəqət nə Cəlal var, nə də ki, Humay,
 Nə ömrə acıyır, nə yaşa dünya.
 Şair öz oxucusuna qəhrəmanları haqqında məlumat verməzdən öncə qısa bir ekuskurs edir ki, burada da təbiət harmoniyası, qısası astronomik məlumatlar insanı özünə cəlb edir.
 Ulduzlar havanın bağrını dəlir,
 Qayalı dağlardan duman yüksəlir,
 Xəyalım gecəni salama gəlir,
 Çapdırır atını bir başa dünya.
 Şair bu bənddə aydın səmanı təsəvvür edərək, kosmik fəzada axan ulduzlar, daha doğrusu uçuşan meteorlar haqqında nəzm dilində danışır. Məlumdur ki, Yerə yaxınlaşanda daşlar hava kütləsi ilə toqquşur, nəticədə bərk qızaraq işıq saçmağa başlayır, lakin yerə çatmamış yanaraq görünməz olur. Bundan başqa, elm sübut edir ki, düzənliklərdən dağlara doğru ərazinin mütləq hündürlüyü kəskin dəyişdiyinə görə meteoroloji ünsürlər də dəyişir. Yəni dağ silsilələri ilə duman əmələ gətirici hava axınları yüksək qayalıqlarda daha çox dumanlar əmələ gətirir ki, bu dumanlar da yuxarı doğru qalxır. Şair bu cür real həyat nümunələri arasında öz xəyali sürətini işə salaraq məcazi mənada dünyanın əbədiliyini göstərir.
Digər bəndlərin də hər birinin özünəməxsus izahı vardır ki, lirik duyumu dərin olan uyğun sahənin tədqiataçıları bu misraları daha dəqiq izah edə bilərlər.
 Ellərə baxıram bağçalı, bağlı,
 Göylərə baxıram qapısı bağlı,
 Kainat ixtiyar, sirli, soraqlı,
 Əzəldən yaranıb tamaşa dünya.
 Bir də görürsən ki, açılan solur,
 Düşünən bir beyin bir torpaq olur.
 Bir yandan boşalır, bir yandan dolur,
 Sirrini verməyir sirdaşa dünya.
 Əzəldən belədir çünki kainat,
 Cahan daimidir, ömur amanat.
 Əldən-ələ keçir vəfasız həyat,
 Biz gəldi-gedərik, sən yaşa dünya!
 Müstəqillik dönəmində yaradıcılıqla məşğul olan şairlərin əsərlərində isə əsasən vətənə, torpağa, el-obaya məhəbbət lirikası üstünlük təşkil etdiyindən yenidən ədəbiyyatımızda dini və mifik obrazlar canlandırıldı. Lakin buna baxmayaraq, bu dövrə aid lirika ilə məşğul olan şairlərimiz də vardır ki, onların əsərlərində lirika ilə fizikanın, lirika ilə dünyəviliyin əlaqələri çox böyük ustalıqla verilmişdir.
 Yaradıcılığına yaxından bələd olduğum bir neçə şairlərin əsərlərinə müraciət etdikdə dediklərimin açıq ifadəsini görmüş olarıq. Sufi ruhlu istedadlı şair, ixtisasca mühəndis olan İbrahim İlyaslının yaradıcılığında lirika ilə fizikanın harmoniyası gözəl bir axarla verilmişdir:
 Üfüqdə ürəyi al-qan olaydım,
 Gecə göy üzü tək şan-şan olaydım.
 Sən Günəş olaydın, mən Dan olaydım
 Haqqa yol gedəydik bir-birimizdə.
 Cavidşünas alim, gənc şair Şamil Sadiqin də yaradıcılığında dünyəvilik rüşeymləri cücərməkdədir. Şair “Bu gecə yuxuda Günəşi gördüm” şeirində Günəşi həm eşq, məhəbbət, həm də təbiət nizamlayıcısı kimi vermişdir.
 Bu gecə yuxuda Günəşi gördüm...
 Yanaqları qızarmışdı bir azca,
 gözləri də gülürdü...
 Nəsə demək istədi,
 Susdu, danışmadı heç...
 Elə bil ki, içində sevgisini döyürdü...
 Niyyətilə barışmırdı heç...
 Buluda da küskün idi deyesen...
 Amma nədənsə, gözəlliyin gizlədən
 O topaya alışmırdı heç…

İxtisasca riyaziyyatçı olan Rasim Şıxızadə şair kimi geniş ictimaiyyətə tanış sima olmasa da yaradıcılığı ilə tanış olarkən dünyavi təfəkkürlü lirik şair kimi sevilir.
 Zirvə, kimin başı üstə,
 İldırımlar çaxa bilər.
 Kim buludu eynək kimi,
 Gözlərinə taxa bilər.
 Sənə yalnız Tanrı özü
 Yuxarıdan baxa bilər.
 Fizika-riyaziyyat elmləri doktorları Hidayət Nur və Vaqif Nəsir də fizikanın lirika, lirikanın da fizika ilə birbaşa bağlı olduğunu öz əsərlərində əyani olaraq göstərmişdilər.
 Məruzənin sonunda gəldiyim qənaət belədir ki, fizikanı bilməklə dünyanı olduğu kimi qavramaq mümükündür. Məhz fizikanı bilməklə dünyanın hər iki üzünü – görünəni və görünməyəni bilmək mümkündür. Fizikanı lirik dillə ifadə etmək isə təfəkkürdə dünyəviliyin dərkini asanlaşdırmaqla yanaşı, fizikanın ədəbiyyatla, ədəbiyyatın isə fizika ilə mükəmməl bağlılığını sübut edir.

Məqalənin müəllifi  Yusif Alıyev -  Azərbaycan alimi, fizika üzrə fəlsəfə doktoru, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, AMEA Fizika İnstitutunun böyük elmi işçisi, dosent.